Fəxri Məmmədli “Şamaxı”nı tərk etdi, “Sabah”a qayıtdı

Premyer Liqanın 2025/26 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Şamaxı” müdafiəçisi Fəxri Məmmədli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, icarə müqaviləsinin müddəti başa çatmış oyunçu məxsus olduğu “Sabah” klubuna qayıdıb.

“Şamaxı” Fəxri Məmmədlini 2024-cü ilin yayında “Sabah”dan bir mövsümlük icarəyə götürmüşdü. 19 yaşlı sol cinah müdafiəçisi əyalət klubunun əsas komandasında 11 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Şamaxı” daha öncə Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç və Maykl Tuiklə də yollarını ayırmışdı. Alfons Msanqa ilə yeni müqavilə bağlamış əyalət klubu “Qəbələ”dən də Emil Süleymanovu icarəyə götürüb.