Fares Abu Akel hələ də bərpa kursu keçir

“Qəbələ”nin zədəli futbolçusu, israilli dayaq yarımmüdafiəçisi Fares Abu Akel hələ də bərpa kursu keçməklə məşğuldur.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində sabah “Kəpəz”lə üz-üzə gələcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu qarşılaşmanın hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Fares Abu Akel bərpa prosesi keçdiyi üçün komanda ilə birgə deyil.

Xatırladaq ki, sabah baş tutacaq bu görüş sözügedən komandaların 26-cı dueli olacaq. “Qəbələ” indiyə qədər 25 dəfə qarşılaşdığı “Kəpəz”lə matçlarda üstünlüyə malikdir. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.

Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 6 dəfə məğlubiyyətlə üzləşiblər. “Qəbələ” top fərqində də öndədir – 33-20. Bu duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox – hərəyə 3 qol vurublar.

13-cü dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlib, 4 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 16 qol vuran “Qəbələ” futbolçuları öz qapılarından 8 top buraxıblar.

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Kəpəz” matçına saat 15:00-da start veriləcək.

Turnir cədvəlinin son iki pilləsində qərarlaşmış bu komandalardan Qəbələ təmsilçisi 11, Gəncə klubu isə 10 xal toplayıb. Meydan sahibləri qalib gələcəkləri halda xal fərqini artırmış olacaq. Gəncəlilərin qələbəsi isə “Kəpəz”i “zirzəmi”dən çıxaracaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: