“Qəbələ”nin zədəli futbolçularından ikisi – yarımmüdafiəçilər Fares Abu Akel və Emil Səfərov hələ də sıraya dönməyiblər.
Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək. Bu komandalar arasındakı görüş Qəbələdə keçiriləcək.
Bu matçın hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib. Fares Abu Akel və Emil Səfərov hələ də bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, Qəbələ şəhər stadionundakı matç bu iki komanda arasında 7-ci duel olacaq. Buna qədər 5 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gələn rəqiblərin qarşılaşmalarında “qırmızı-qaralar” üstünlüyə malikdirlər.
İki qələbəsi olan “Qəbələ” 3 heç-heçə edib və yalnız bir dəfə uduzub. 8 qol vuran sözügedən komanda 5 top buraxıb. Rafael Utziq və cari mövsümün 1-ci dövrəsində dubla imza atan Osama Xalayla bu görüşlərdə rəqib qapısına hamıdan çox – hərəyə 2 dəfə yol tapıblar.
Çempionatdakı 5 qarşılaşmada rəqiblər hərəyə bir qələbə qazanıb. Üç görüşdə isə qalib müəyyənləşməyib. 6 qol vuran Qəbələnin eyniadlı komandası 5 top buraxıb.
Üçüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında bir qol vuran “Qəbələ” iki top buraxıb.
Xatırladaq ki, bu gün – noyabrın 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Turan Tovuz” oyununa saat 16:00-da start veriləcək. “Qəbələ” hazırda 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Turan Tovuz” isə 15 xalla 8-ci sıradadır.


