Fariz Hüseynov: “Xorvatlara qalib gələ bilərdik”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) üzvü Fariz Hüseynov Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ötən gecə Avropa çempionatının (AÇ-2025) əsas seçmə mərhələsi çərçivəsində Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında meydan sahibləri ilə qarşılaşan U-19 millimiz bu oyundan heç-heçə ilə ayrılıb.

3:3 hesabı ilə başa çatan görüşdə komandamızın ilk qolunu vuran Fariz Hüseynov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Startı Bosniya və Herseqovina ilə matçla verdik. Onların güclü olduğunu bilirdik. Ona görə də müdafiədə daha diqqətli oynamalı, topa sahib olduqda isə sürətli hücumlar qurmalı idik. Ancaq erkən qollar buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu və böyükhesablı məğlubiyyətlə üz-üzə qaldıq.

Xorvatiyaya qarşı daha yaxşı, inamlı oynadıq. Bir növ Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük. Səhvləri təkrarlamamağa, əksinə, düzəltməyə çalıdşıq. Şükür ki, bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq.

Qol vurduğum epizoda gəldikdə, əlbəttə, sevindirici məqamdır. Üstəlik, bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, ikiqat sevinc olur. Amma qələbəni əldən verdiyimiz üçün təəssüflənirik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik.

Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazanan kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq”.

Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Bu matça Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. İlqar Aslanovun yetirmələri AÇ-nin əsas mərhələsindəki ilk oyununda Bosniya və Herseqovinaya 2:10 hesabıyla uduzmuşdular.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: