“Fatih Karagümrük” yenidən Super Liqada!

Türkiyə Birinci Liqasında mübarizə aparan “Fatih Karagümrük” komandası bir illik fasilədən sonra yenidən Super Liqaya qayıdıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Super Liqaya vəsiqə uğrunda pley-offun finalında “Bandırmaspor”la qarşılaşıb.

Rəqibini 3:1 hesabıyla məğlub etmiş Karagümrük təmsilçisi 2025/2026-cı illər mövsümündə Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Xatırladaq ki, “Fatih Karagümrük” komandası 2023/2024-cü illər mövsümünün yekununda 40 xalla 18-ci yeri tutduğu üçün Super Liqanı tərk etmək məcburiyyətində qalmışdı. Lakin göründüyü kimi, İstanbul klubu cəmi bir mövsümlük fasilədən sonra yenidən elitaya qayıtmağı bacarıb.

Karagümrük təmsilçisi bu mövsüm TFF Birinci Liqada 38 oyuna topladığı 66 xalla 3-cü yeri tutmuşdu. Nəticədə bu komanda Super Liqaya sonuncu vəsiqə uğrunda pley-offun birbaşa finalında iştirak hüququ qazanmışdı. 4-7-ci yerləri tutmuş komandalar isə məhz bu komanda ilə final oynamaq üçün mübarizə aparmaq məcburiyyətində qalmışdılar.

Birinci Liqanı 72 xalla zirvədə tamamlamış “Kocaelispor”, eləcə də 68 xalla gümüş medallara sahib çıxmış “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanmışdılar.

Türkiyə Super Liqasının cari mövsümündə “Bodrumspor”, “Sivasspor”, “Hatayspor” və “Adana Dəmirspor”un da elitanı tərk edəcəyi artıq dəqiqləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: