Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq “Fehervar”ın oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.
Arena.az bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Buna Macarıstan komandasının Bakıya uçuşunun gecikməsi səbəb olub.
Xatırladaq ki, bu gün saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxmalı idi. Saat 18:30-da isə Macarıstan təmsilçisinin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) start götürəcəkdi.
“Sumqayıt”ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi bu gün, saat 19:30-da və 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” görüşü iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.


