Fernando Santos Haiti darmadağınına aydınlıq gətirdi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos bu gün Haiti yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş və 0:3 hesablı məğlubiyyətə uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Təlim-məşq toplanışına yığışandan bu günə qədər hazırlıq çox yaxşı gedirdi. Bu matçın birinci hissəsində daha yaxşı çıxış etdik. Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Ümumi götürdükdə oyundan narazı qaldım. İkinci hissədə hücum xəttini gücləndirmək üçün dəyişikliklər etdik. Rəqib cinahlarda boşluqlar verirdi. Bunlardan yararlanmağa çalışdıq. Həmçinin orta sahədə də dəyişiklik etdik ki, intensivliyi artıraq. İkinci hissəyə balanslı başladıq. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə və digərləri meydana daxil olduqdan sonra daha çox hücumlar etməyə çalışdıq. Cəhdlər etsək də, sonluğu gətirə bilmədik”.

Fernando Santos müdafiəçi Elvin Cəfərquliyevin meydandan qovulmasına da münasibət bildirib:

“Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir qırmızı vərəqəyə görə oyunçunu öldürə də bilmərik”.

Millimizin baş məşqçisi heyət seçiminə belə şərh edib:

“Ozancan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. Təbii ki, inkişaf istəyiriksə, təcrübəli oyunçulardan da istifadə etməliyik. Millidə gənclər də yer alıb. Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev çox təcrübəli və güclü futbolçulardır. Gənclər milliyə gələndə belə təcrübəlilərdən dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur”.

“Belarusla matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq” – Fernando Santos

Fernando Santos qarşıdakı Belarus yığması ilə yoxlama oyununda heyətlə bağlı planlarından söhbət açıb:

“Təbii ki, Belarusla görüşdə dəyişikliklər olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin Şahniyarov da şans qazana bilər. Onun istedaldı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 sistemiylə oynamaq istəyirdik, lakin alınmadı. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlarda bunu edəcəyəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq”.

Sebastyen Minye: “Azərbaycan millisi yaxşı komandadır”

Haiti millisinin baş məşqçisi Sebastyen Minye də millimiz üzərində qələbəyə şərh verib. Fransalı mütəxəssis bunları söyləyib:

“Komandamın nümayiş etdirdiyi oyundan razı qaldım. Bilirdik ki, çətin matç olacaq. Ardıcıl olaraq 9-cu qələbəmizi əldə etdik. Tarixdə ilkdir. Üstəlik, Avropada ilk qalibiyyəti qazandıq. Azərbaycan yaxşı komandadır. Qalibiyyətə görə şadıq.

Fərqli atmosfer idi. Bu cür stadionda, atmosferdə komandamın necə oynayacağını maraqla gözləyirdim. Futbolçularım gözləntilərimi qarşılaya bildilər. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. Bizim beş komanda ilə oynamaq şansımız oldu. İsveçrə, Azərbaycan, İrlandiya və digərləri. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi. Azərbaycan millisini təhlil etmişdik. Onların zəif və güclü tərəflərini bilirdik. Mən hər zaman öz komandama fokuslanıram. Rəqibə pressinq tətbiq etməyi bacardıq. Yaxşı da müdafiə olunduq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: