FIFA İsraillə bağlı qərarını avqustun 31-dək təxirə saldı

FIFA İsrailin futboldan mümkün kənarlaşdırılması ilə bağlı müvafiq qadağa qərarını avqustun 31-dək təxirə salıb.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

May ayında Fələstin Futbol Assosiasiyası (PFA), İsrailin Qəzza bölgəsində hərbi əməliyyatlar aparması səbəbilə yəhudi dövlətini cəzalandırmaq – futboldan kənarlaşdırmaq təklifini FIFA-ya təqdim edib. FIFA, şuranın Şənbə günü, iulun 20-də keçirilmiş fövqəladə iclasında təklif əsasında verilməli olan qərardan öncə, bu məsələyə hüquqi qiymət verilməsini qərara alıb.

Amma FIFA mövcud vəziyyəti təhlil etmək üçün daha çox vaxta ehtiyacı olduğunu əsas gətirərək, bu baxışı təxirə salmaq qərarına gəlib.

Vurğulanır ki, hər iki tərəf öz mövqelərini əsaslandırmaq üçün müddətin uzadılması ilə bağlı müraciət edib. Müstəqil qiymətləndirmə avqustun 31-dən gec olmayaraq FIFA-ya təqdim ediləcək. Beləliklə, İsrail yığması 2024-cü il Yay Olimpiya Oyunlarında futbol yarışında iştirak edə biləcək.

FIFA-nı bu mövqeyi müstəqil təhlilçilərin bir çoxu tərəfindən ikili ölçü olaraq qiymətləndirilib. Türkiyə mətbuatında “görünən kəndə nə bələdçi?” məzmunlu fikirlər səslənib. Sosial şəbəklərdə isə, İsrailin Qəzzada törətdiyi hərbi əməliyyatların hər gün dinc sakinlərin ölümünə səbəb olduğu bir mənzərədə, əvvəlcə, FIFA-nın bunları görməzdən gələn “kor gözlərinə” əlac gərək olduğu haqda satirik ismarışlar, şərhlər artıb. Sosial şəbəkə istifadəçiləri ötən ilin oktyabrından bəri FIFA-nın susqunluğunun və tədbirsizliyinin yolverilməz olduğu qənaətindədirlər.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Münaqişə kəskinləşib. İsrailin hərbi əməliyyatları geniş miqyas aldıqca, günahsız dinc sakinlər arasında ölüm halları artır. Bundan əvvəl 12 Yaxın Şərq ölkəsi Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrail milli futbol komandasının yarışlardan kənarlaşdırılmasının lehinə çıxış etmişdilər. Bunlara Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya və Yəmən daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaş: