Fil Foden mövsümün ən yaxşı oyunçusu seçildi

“Mançester Siti”nin vingeri Fil Foden İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyasının (PFA) seçiminə görə, İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşıları müəyyənləşib.

“Mançester Siti”nin ingilis vingeri Filip Foden təşkilatın seçimi əsasında qalib elan edilib.

Vurğulayaq ki, Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyası 4000 üzvü olan, dünyanın peşəkar idmançılardan ibarət ən qocaman qurumudur.

Foden bu fərdi uğuruna münasibətini açıqayıb:

“Bu mükafatı almaq çox özəldir, mən isə buna görə çox qürur duyuram və minnətdaram. Peşəkar yoldaşlarım tərəfindən tanınmaq mənim üçün hər şey deməkdir və mənə səs vermiş hər kəsə təşəkkür etmək istəyirəm.

Mən, hər gün daha yaxşı olmağıma kömək etdikləri üçün “Pep” Qvardiolaya, “Mançester Siti”nin məşqçilər qərargahına və bütün komanda yoldaşlarıma xüsusi təşəkkür etmək istərdim”, – “City Report” dərgisi Fodendən sitat gətirir.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 27 qol vurub, 12 məhsuldar ötürmə verib.

Cari mövsümdə Foden “Mançester Siti”in heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 1 oyun keçirib.

Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 271 oyun, 87 qol, 53 məhsuldar ötürmə.

Foden “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku yarışlarında qalib olub.

Fil Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 41 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis sağ vinger Filip Fodenin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: