İngiltərə yığmasının və “Mançester Siti”nin hücumçusu Filip Foden Avropa çempionatındakı (AÇ-2024) çıxışından danışıb.
Arena.az xəbər verir ki, o, 1/4 final çərçivəsində qarşılaşacaqları İsveçrə yığması ilə oyun ərəfəsində milli komandadakı çıxışı barədə bunları dilə gətirib:
“Azacıq məyusam, yalan danışmayacağam. Qol vurmaq, İngiltərə üçün ən yaxşısını etməyə çalışmaq istəyirəm. Bəzən alınmır, amma əsas məsələ yaxşı yatımı saxlamaqdır”, deyə Foden vurğulayıb.
Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 27 qol vurub, 12 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 270 oyun, 87 qol, 53 məhsuldar ötürmə.
Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 17 kubok var. Bunlara İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Filip Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 38 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 4 top keçirib, həmçinin 8 məhsuldar ötürmə ilə fərqlənib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


