Futzal: 2025/2026-cı illər mövsümünün püşkü atıldı

Bu gün futzal üzrə Azərbaycan çempionatlarında (Yüksək Liqa və Birinci Liqa) 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Arena.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilmiş mərasimdə əvvəlcə UEFA Çempionlar Liqasının ilkin mərhələsini uğurla başa vurmuş və əsas mərhələdə iştirak hüququ qazanmış “Araz-Naxçıvan”a təbriklər çatdırılıb.

Daha sonra bildirilib ki, Yüksək Liqada 6 komanda yarışacaq. Onlardan “Lənkəran” debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayacaq komanda çempion elan olunacaq və növbəti mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Əsasnamədə edilmiş dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib. Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limit tətbiq olunmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər.

İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcəklər.

Birinci Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk “4-lük”də qərarlaşacaq kollektivlər pley-off mərhələsinə yüksələcəklər. 1-ci yerin sahibi dördüncü, 2-ci yerin sahibi isə üçüncü pillədə qərarlaşan komanda ilə üz-üzə gələcək.

Yüksək Liqadan fərqli olaraq, aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər.

Qeyd edək ki, Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.

Yüksək Liqa
1-ci tur
18 sentyabr

U-19 – “Şuşa”
“Neftçi” İK – “Lənkəran”
“Baku Fire” – “Araz-Naxçıvan”

Birinci Liqa
1-ci tur
9 oktyabr

“Baku Fire-2” – “STAR karqo”
“Atletiko Baku” – “Ulduz”
“Xan-Lənkəran” – “Trabzon-Azərbaycan”
“Dəstə Ordubad” – PFL
“Yeni Suraxanı” – “Timsport”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: