Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” yarımmüdafiəçisi Georgi Papunaşvili ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2 illik yeni müqaviləyə imza atmış gürcüstanlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər “Zirə”də çıxış etməyə davam edəcək.
Georgi Papunaşvili 2024-cü ilin yayından “qartallar”ın şərəfini qoruyur. 29 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində 33 oyun keçirib, 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Papunaşvili “Zirə”dən öncə Azərbaycanda “Kəpəz”in də formasını geyinib. Tiflis “Dinamo”sunun yetirməsi olan futbolçu ölkəsi ilə yanaşı, Avropada da top qovub. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında da oynamış yarımmüdafiəçi Gürcüstan yığma komandasında 17 oyun keçirib, 3 qola imza atıb. Georginin Azərbaycana gəlməzdən əvvəlki son klubu ölkəsində “Telavi” olub. O, Gürcüstanda “Samtrediya”, “Torpedo” (Kutaisi) klublarının da formasını geyinib.
“Zirə” daha öncə Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov və Hacıağa Hacılı ilə də yeni müqavilə bağlamışdı. Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov və Abdul Aziz Batibye ilə güclənmiş qəsəbə təmsilçisi Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli ilə də yollarını ayırıb.


