Harri Keyn “Bayern”lə qazandığı kuboku qaldırmaqdan imtina etdi

Almaniyanın “Bayern” klubunun ingilis hücumçusu Harri Keyn özünün davranışı ilə futbol dünyasının diqqət mərkəzinə düşüb.

Arena.az məlumat verir ki, əvvəllər “Tottenhem”də çıxış etmiş Keyn Münhen klubunun yoldaşlıq yarışında “Tottenhem” üzərində “mahmızlar”ın doğma stadionu “Tottenhem Hotspur”da qazandığı kuboku qaldırmaqdan imtina edib.

Xatırladaq ki, “Bayern” yoldaşlıq yarışının final oyununda “Tottenhem” üzərində 3:2 hesablı qələbə qazanıb.

“Mənim üçün həmişə xüsusi olacaq bir yerə qayıtmaq heyrətamizdir. İnanılmaz qəbul üçün hər kəsə təşəkkür edirəm. Bir neçə dəqiqə oynamaq və mövsümə hazırlığımızı gücləndirmək əladır”, – Keyn özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Maraqlıdır ki, Keyn karyerası ərzində böyük futbolda rəsmi yarışlarda heç bir qənimət qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: