Harri Keyn “Tottenhem”lə vidalaşdı, “Bayern”ə keçidini şərh etdi

“Bayern”in yeni transferi, ingilis hücumçu Harri Keyn sabiq klubu “Tottenhem”lə vidalaşıb və Almaniya nəhənginə keçidini şərh edib.

Arena.az xəbər verir ki, Keyn sosial şəbəkələr üzərindən “Tottenhem”in ünvanına vida məktubunu ünvanlayıb:

“Mənim karyeram başladığı andan sizlərdən biri idim. Siz, azarkeşlər mənimlə fəxr edəsiniz, xüsusi anlardan həzz alasınız, deyə mən hər şeyi edirdim. Ümid edirəm ki, onlar haqda xatirələr əbədi olaraq sizinlə qalacaq.

Daha getmək vaxtının gəldiyini hiss edirdim, amma mövsümə gələcəyimlə bağlı bir çox həll olunmamış suallarla başlamaq istəmədim. Düşünürəm ki, yeni baş məşqçiyə və oyunçulara “Tottenhem”i yüksək mövqelərə, qənimətlər uğrunda mübarizəyə qaytarmaq cəhdində köklənmək vacibdir. Vidalaşmıram, axı hər şeyin necə olacağını heç vaxt bilmirsən. Sizlərə minnətdaram, tezliklə görüşənədək”, – Keyn yazıb.

Harri Keyn həmçinin yeni klubu “Bayern”ə keçidi ilə bağlı şərh verib. İngilis hücumçu Münhen klubuna xas qalib mentalitetindən məmnun olduğunu vurğulayıb:

“Dünyanın ən böyük klublarından biri olan “Bayern”in bir hissəsi olduğum üçün çox şadam. Həmişə demişəm ki, karyeram boyu turnirlərdə yarışmaq və ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu klub qalib mentaliteti ilə səciyyəvidir – burada olmaqdan çox məmnunam”, – “Bayern”in rəsmi saytı Keyndən sitat gətirib.

30 yaşlı Keyn bu gün rəsmi olaraq “Bayern”in futbolçusu elan edilib. İngilis hücumçunun Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər hesablanıb. Keyn “Bayern”də 9 nömrə altında oynayacaq. Mətbuatın yazdığına görə, transfer məbləği 100 milyon avro və əlavə bonuslar təşkil edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: