Harri Keynin kubok lənəti davam edir: “Bayern” 12 il sonra…

Futbol üzrə İngiltərə milli komandasının və Almaniyanın “Bayern” klubbunun hücumçusu Harri Keynin kubok lənəti davam edir.

Arena.az xəbər verir ki, ötən gecə UEFA Çempionlar Liqasının Madrid “Real”ı ilə yarımfinal görüşündə məğlubiyyətə üzülən Harri Keynli “Bayern” finala çıxa bilməyib.

Bu komandaların Münhendəki görüşü 2:2 hesabıyla yekunlaşmışdı. Həmin görüşdə komandasının qollarından birini məhz Keyn vurmuşdu. Madriddə baş tutan cavab matçında isə hesabı münhenlilərin açmasına baxmayaraq, yekunda “Real” 2:1 hesablı əzmkar qələbə sayəsində Çempionlar Liqasının finalına yüksəlib. İspaniya nəhəngini ÇL-in finalında Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə həlledici matç gözləyir.

“Bayern” isə bu mövsüm Almaniya Bundesliqasından sonra UEFA Çempionlar Liqasını da kuboksuz başa vurub. Almaniya nəhəngi ümumiyyətlə bu mövsüm kubok qazanmaq şanslarını itirib. Bundan əvvəl Tomas Tuxelin komandası Almaniya Super Kubokunun finalında “Leypsiq”ə (0:3), Almaniya Kubokunun 1/16 finalında “Saarbrüken”ə (1:2) məğlub olmuşdu. Almaniya Bundesliqasında isə “Bayer” (Leverkuzen) erkən çempionluq yaşayıb. Nəticədə “Bayern” son 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vuracaq. Sonuncu dəfə belə hal 2011/2012 mövsümündə baş verib.

“Bayern”lə yanaşı, karyerasında çempionluq sevinci yaşamayan Harri Keyn də cari mövsümü kuboksuz başa vurmaq məcburiyyətində qalıb. O, son 12 ildə ardıcıl kuboklar və çempionluqlar sevinci yaşamış komandaya cari mövsümün əvvəlində İngiltərənin “Tottenhem” klubundan gəlmişdi. O zaman artıq hər kəs Keynin kubok həsrətinin bitəcəyini düşürdü. Lakin göründüyü kimi, Harri Keynin kubok lənəti davam etdiyi halda, “Bayern”in uğurlu seriyası qırılıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Fatimə Abdulrəhimli

Xəbəri sosial şəbəkələrdə paylaş: