Futbol üzrə Rumıniya millisinin qapıçısı Horatsiu Moldovan bundan sonra Madrid “Atletiko”sunun formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqa nəhəngi Moldovanı Rumıniyanın “Rapid” klubundan transfer edib. Madridlilər bu transfer üçün 800 min avro ödəyiblər. 26 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanıb.
Horatsiu Moldovan 2021-ci ilin yanvar ayından “Rapid”də çıxış edirdi. O, Buxarest klubunun heyətində keçirdiyi 113 oyunda 125 qol buraxıb və 42 dəfə qapısını toxunulmaz saxlayıb.
Horatsiu “Rapid”dən öncə “Ripensiya”, “Hermanştadt”, “Energikianul”, “UTA Arad” kimi klublarda da forma geyinib. Qolkiper 2022-ci ilin noyabr ayından formasını geyindiyi Rumıniya milli komandasının heyətində 8 oyuna çıxıb.


Yeri gəlmişkən, Madrid “Atletiko”sunun sol cinah müdafiəçisi Xavi Qalan da “Real Sosyedad”a keçib. 29 yaşlı futbolçu cari mövsümün sonuna qədər “Real Sosyedad”da icarə əsasında çıxış edəcək. Müqaviləyə satınalma maddəsi daxil olmayacaq.
Xavi Qalan “Atletiko”ya 2023-cü ilin iyul ayında “Selta”dan, 5 milyon avro qarşılığında gəlib. İspan futbolçu Madrid təmsilçisində cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Kordoba”, “Hueska”, “Selta” kimi klubların formasını geyinib.



