Huqo Larsson “Ayntraxt”da!

Futbol üzrə İsveç millisinin və “Malmö”nün gənc yarımmüdafiəçisi Huqo Larsson Almaniyanın “Ayntraxt” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hazırda 18 yaşlı olan dayaq yarımmüdafiəçisi Bundesliqa klubu ilə 5 illik – 2028-ci ilin 30 iyununa kimi – müqavilə bağlayıb. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Huqo Larsson “Malmö”nün öz yetirməsidir. O, ötən ildən bu klubun əsas komandasında oynamağa başlamışdı. Yarımmüdafiəçi “Malmö”də meydana çıxdığı 59 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu bu ilin yanvarında əsas millidə də debüt edib.