19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Avropa çempionatının (AÇ-2025) əsas seçmə mərhələsi çərçivəsində Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında Bosniya və Herseqovinanın müvafiq komandası ilə qarşılaşan U-19 millimiz 2:10 hesablı məğlubiyyətə üzülüb.
Milli komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər. Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kodub səhvlər etdik və onlar da bundan maksimum faydalandılar.
Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bu oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin ki, bundan nəticə çıxaracaqlar”.
Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


