19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Yüksək Liqadakı fasilədən necə yararlandıqlarından danışıb.
Arena.az xəbər verir ki, fevralın 1-də Yüksək Liqada 3-cü dövrə start götürəcək.
Bununla da 2 aya yaxın davam edən qış fasiləsinə yekun vurulacaq. Təbii ki, bu dövrdə əksər komandalar heyətlərini gücləndirməyə çalışırlar. Bəs U-19 millimiz bu fasilədən necə istifadə edib? Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verən İlqar Aslanov bu sualı belə cavablandırıb:
“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik. Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik, kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər.
Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdir. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir. Yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.


