19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasına müvəqqəti baş məşqçi təyin edilən İlqar Aslanov komandanın hazırlığını dəyərləndirib. Arena.az xəbər verir ki, o, bununla bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Məlum olduğu kimi, əslində U-17-nin baş məşqçisi olan İlqar Aslanov U-19-da baş məşqçi Ağatahir Əzimovu müvəqqəti əvəz edib. Buna Əzimovun səhhətində problemlər yaranması səbəb olub. Hansı ki, buna görə komandadan ayrı düşən millimizin baş məşqçisi cərrahiyyə əməliyyatı olunacaq. Aslanov əvvəlcə həmkarına şəfa arzulayıb: “Ağatahir Əzimova Allahdan şəfa diləyirəm. Tez sağalsın, onu gözləyirik. Komanda üzərində əziyyəti böyükdür”.
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək U-19-un martın 9-dan başlayan təlim-məşq toplanışına rəhbərlik edən Aslanov bu müddətdə sərəncamındakı futzalçıları tanımağa çalışıb. Təcrübəli mütəxəssis həm də rəsmi oyunlar zamanı istifadə edəcəkləri taktiki gedişlər üzərində işləyib:
“Toplanış həm komanda, həm də mənim üçün faydalı oldu. Qısa vaxt ərzində həm oyunçuları tanımalı, axsayan tərəflərimizi düzəltməli, həm də istifadə edəcəyimiz taktiki gedişlər və standart vəziyyətlər üzərində işləməli idik. Bir həftəlik təlim-məşq toplanışı bu baxımdan işimizə yaradı. Martın 16-da Azərbaycan kubokunun 1/8 final mərhələsində “Alyans”la qarşılaşacağıq. Bu rəsmi oyunlar öncəsi keçirəcəyimiz sonuncu matç olacaq”.
Baş məşqçi futzalçıların istəkli olduğunu da qeyd edib: “Oyunçular istəklidirlər, həvəslə hazırlaşırlar, verilən tapşırıqları maksimum dərəcədə icra etməyə çalışırlar. Bu yarış onlar üçün ilk beynəlxalq təcrübə olacaq. Əlbəttə, ölkəmizi ən yaxşı tərəfdən təmsil etməyə çalışacağıq. Toplanışa 14-15 futzalçı dəvət etsək də, səfərə onlardan 12-ni – 2 qapıçı, 10 oyunçu – aparacağıq. Artıq seçim etmişik. Yüngül zədəsi olan 1-2 futzalçımız var, onlar da 1-2 məşq buraxacaqlar”.
Aslanov rəqiblər haqda da fikrini bölüşüb: “Rəqiblərimizdən Fransa və Bosniya və Herseqovinanın oyunlarını izləmişik. Hər iki komanda mini-turnirə yaxşı hazırlaşıb, heyətlərində keyfiyyətli futzalçılar yer alıb. Yunanıstan haqda isə hələ kifayət qədər məlumat əldə etməmişik. Amma onlarla sonuncu matçda qarşılaşacağımıza görə, rəqibimizi Bosniya və Herseqovinadakı oyunlar zamanı da izləmək fürsətimiz olacaq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


