Azərbaycanın futzal üzrə U-19 yığmasının baş məşqçi əvəzi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2023) əsas mərhələsi çərçivəsində bu gün Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz 1:4 hesabıyla məğlub olub.
U-19 yığmamızın baş məşqçisi Ağatahir Əzimovun səhhətində problem yarandığından, komandamızı qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinaya məhz İlqar Aslanov aparıb. O, ardıcıl ikinci məğlubiyyəti Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında belə şərh edib:
“1:4 hesabı ilə məğlub olsaq da, Fransaya qarşı keçirdiyimiz matçla müqayisədə bu dəfə daha yaxşı çıxış etdik. Əlbəttə, təcrübəsizlik sözünü dedi. Hadisələrin gedişatı onu göstərir ki, uşaqlar oyundan oyuna daha inamlı təsir bağışlayır. Səhvlərimiz üzərində işləməliyik ki, növbəti matçlarda daha yaxşı çıxış edək. Qrupda son oyunumuzu Yunanıstana qarşı keçirəcəyik. Fransa və Bosniya və Herseqovina ilə müqayisədə onlar səviyyə baxımından bir qədər geri qalır. Amma hiss olunur ki, komanda olaraq müəyyən təcrübəyə malikdirlər. Bizi maraqlı və gərgin oyun gözləyir”.
Bosniya və Herseqovina ilə keçirilən oyunda komandamızın yeganə qoluna imza atan Şahbaz Həndəmli isə bunları deyib:
“Oyun bizim üçün çətin keçdi. İlk matçla müqayisədə daha yaxşı oynadıq, top saxladıq, müdafiədən hücuma çıxa bildik. Buna görə də qol epizodlarımızın sayı bir qədər çox oldu. Amma səhvlərdən də qaça bilmirdik. Çalışmalıyıq ki, bu cür səhvlərə yol verməyək və əlimizə düşən şanslardan maksimum istifadə edək.
Təbii ki, qol vurduğuma görə, sevinirəm. Bu Avropa yarışlarında ilk qolum idi. Ancaq önəmli olan komandanın uğur qazanmasıdır. Təəssüf ki, buna nail ola bilmədik. Yunanıstanla matça qələbə qazanmaq üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə nail olaq”.


