“İnter”in sabiq hücumçusu Belfodil “Sabah”da! – Rəsmi

Lion “Olimpik”inin və Milan “İnter”inin sabiq hücumçusu İshak Belfodil bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Əlcəzairdən olan 31 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, İshak Belfodil peşəkar karyerasına məhz Lion “Olimpik”ində başlayıb. O, sonradan İtaliyaya üz tutaraq burada “Bolonya”, “Parma”, “Livorno”, hətta Milan “İnter”i kimi klubların şərəfini qoruyub. İshak “Baniyas”, “Standard” (Lyej), “Verder”, “Hoffenhaym” və “Herta”da da forma geyinib. 2022-ci ilin avqust ayından Qətərin “Əl-Qarafa” klubunda çıxış edən futbolçu bu komandada 24 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, bu ilin iyul ayında sözügedən klubdan ayrılandan bəri azad agent kimi özünə yeni iş yeri axtarırdı.

Belfodil vaxtilə Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb. 2013-cü ildən isə o, Əlcəzair yığmasına dəvət alır. O, öz ölkəsinin milli komandasında cəmi 19 matça çıxıb və 2 qola imza atıb.

Sabah daha öncə Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqarita, Şakir Seyidov, Vensan Till, Maruan Hadudi, Ayaz Quliyev, Jesse Sekidika və Kahim Parrisi də heyətinə qatmışdı. Kristian da Silva ilə də yeni müqavilə imzalanıb.

Abdulaye Ba, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə isə komandanı tərk ediblər. Abdulla Rzayev (“Araz Naxçıvan”a), Veysəl Rzayev (“Turan Tovuz”) və Şakir Seyidov (“Kəpəz”ə) da icarəyə göndərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: