İnyiqo Peres – La Liqada oktyabr ayının ən yaxşı məşqçisi!

“Rayo Valyekano” komandasına rəhbərlik edən İnyiqo Peres İspaniya La Liqasında 2025-ci ilin oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Rayo Valyekano” oktyabr ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

İnyiqo Peres oktyabrın ən yaxşı məşqçisi mükafatını qazanmaq üçün “Real”dakı həmkarı Xabi Alonsonu və “Betis”ə rəhbərlik edən Manuel Pelleqrinini geridə qoymağı bacarıb.

Xatırladaq ki, İnyiqo Peres 2024-cü ilin fevral ayından “Rayo Valyekano”ya rəhbərlik edir. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında indiyə qədər 71 oyuna çıxıb, 27 qələbə, 21 heç-heçə, 23 məğlubiyyət görüb.

Peres karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilib.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdıran Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi. Sentyabrda isə “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: