Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın hücumçusu İsa Atayev komandasının UEFA Çempionlar Liqasındakı çıxışından danışıb.
Arena.az xəbər verir ki, ötən gün baş tutan ilk matçında Türkiyənin “İstanbul Şişli” komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb – 9:1.
Hesabda üstünlüyün əldə olunmasında pay sahibi olan İsa Atayev dubl edib. O, xüsusilə özünün vurduğu birinci qolla diqqət çəkib. Qapıçının başı üzərindən topu tora qovuşduran hücumçu təəssüratlarını bu cür ifadə edib:
“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik. Qola gəlincə, epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.
İsa bu gün qarşılaşacaqları “Yahn Regensburq” haqda da danışıb: “Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Onlar da ilk oyununu keçirdilər. Rəqibləri liderliyə iddialı “Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.


