Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi İsmail Kartal ilə yollarını ayırmağa qərar verib.
Arena.az bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, rəhbərlik tərəfindən 62 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, İsmayıl Kartal 2023-cü ilin iyul ayından “Fənərbaxça”ya rəhbərlik edirdi. O, bu müddətdə komandanı 58 oyuna çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 44 qələbə qazanıb, 7 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. İsmail Kartalın rəhbərliyi altında “sarı-lacıvərdlilər” Türkiyə Super Liqasında son mövsümü 99 xalla ikinci pillədə başa vurub.
İsmail Kartal “Fənərbaxça” üçün yad sima deyil. O, futbolçu karyerası dönəmində ən çox məhz bu klubun uğurları üçün çalışıb. Sağ cinah müdafiəçisi 1983-1993-cü illər aralığında “Fənərbaxça”nın heyətində 200-dən çox oyun keçirib.
Kartal məşqçiliyə də 1996-cı ilə məhz “Fənərbaxça”da başlayıb. O, müxtəlif vaxtlarda klubun yeniyetmə və gənclərdən ibarət komandalarına rəhbərlik edib, həmçinin əsas komandada köməkçi-məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis 2014/15 mövsümündə “Fənərbaxça”nın baş məşqçisi olub və komandaya Türkiyə Super Kubokunu qazandırıb. İstanbul klubu həmin vaxt onun rəhbərliyi altında meydana çıxdığı 36 oyunda 30 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Kartal 2022-ci ilin yanvarında yenidən bu posta gətirilmiş və may ayına kimi komandaya rəhbərlik edib. İstanbul klubu onun rəhbərliyi altında meydana çıxdığı 21 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.
İsmail Kartal məşqçilik karyerası ərzində “Ərzurumspor”, “Konyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Qaziantepspor” və “Əskişəhərspor”a da rəhbərlik edib.
Sonda onu da qeyd edək ki, “Fənərbaxça”nın baş məşqçi postuna ən real namizəd portuqaliyalı mütəxəssis Joze Mourinyodur. Artıq klub rəhbərliyinin təcrübəli məşqçi ilə 2 illik razılıq əldə etdiyi vurğulanır. Təyinatın ən qısa zamanda açıqlanacağı bildirilir.


