İsmayıl İbrahimli “Zirə”də!

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli karyerasını “Zirə”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsmayıl İbrahimliylə 1 illik müqavilə imzalanıb. “Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər icarə əsasında bu komandada çıxış edəcək.

Karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış etmiş İsmayıl İbrahimli 2018-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. Mərkəz yarımmüdafiəçisi Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 108 oyunda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan milli komandasında da 8 oyun keçirib.

“Zirə” İsmayıl İbrahimlidən öncə “Qəbələ”dən ayrılan Məqsəd İsayevi də heyətinə qatmışdı. Əvəzində qəsəbə təmsilçisi Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye ilə yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: