“Jelezniçar” Bakıda qələbə qazandı, “Neftçi”yə rəqib oldu

Bosniya və Herseqovinanın “Jelezniçar” komandası bu gün Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Minsk “Dinamo”su (Belarus) ilə qarşılaşıb.

Bu iki komanda arasında bir həftə əvvəl Bosniya və Herseqovinada keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Sözügedən kollektivlərin cavab görüşü bu gün Minskdə keçirilməli idi. Lakin siyasi səbəblərdən Belarus klubları rəqiblərini doğma meydanda qəbul edə bilmirlər. UEFA-nın razılığı ilə Minsk “Dinamo”su da rəqibini Bakıda, “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”da qəbul edib.

Cavab matçında hesab ilk yarının sonlarında açılıb. 44-cü dəqiqədə Aleksandr Saçivkonun avtoqolu bosniyalıları hesabda önə keçirib. 64-cü dəqiqədə Pavel Sedko yenidən ümumi hesabı bərabərləşdirib. Amma 78-ci dəqiqədə səhnəyə çıxan Süleyman Krpiç “Jelezniçar”a qələbə gətirən qola imza atıb – 2:1.

Beləliklə, Bosniya və Herseqovina təmsilçisi növbəti mərhələdə Azərbaycanın “Neftçi” klubuna rəqib olub.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək. Bakıdakı oyuna saat 21:00-da start veriləcəksə, səfərdəki matçın başlama vaxtı hələ bilinmir. Cavab matçının hətta hakim təyinatları da məlumdur. Belə ki, “ağ-qaralar”ın ikinci matçı Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanı baş hakimi FIFA referisi Balaş Berke olacaq. Ona yan xət hakimləri Balaş Buzas və Balaş Sert yardım edəcəklər. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: