Joze Alesio: “Normal qrupa düşmüşük, amma işimiz asan olmayacaq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva AÇ-2022-nin final mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Niderlandın Zeyst şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən braziliyalı mütəxəssis qrupla bağlı bunları söyləyib:

“Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur. Normal qrupa düşmüşük. Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi, payımıza İspaniya düşdü.

Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar bura yaxşı hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq.

Şans hər zaman var. Hər oyunda meydana çıxan millilərin şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yenə deyirəm, yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq”.

Qeyd edək ki, Joze Alesio da Silvanın çalışdırdığı Azərbaycan millisi D qrupunda Gürcüstan, İspaniya, eləcə də Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Bu qrupun görüşləri Qroningen şəhərində təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: