Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Polşaya qarşı keçirəcəkləri oyundan öncə komandadakı durumu dəyərləndirib. Arena.az xəbər verir ki, dünən Bakı-İstanbul-Berlin reysi ilə səfərə çıxan yığmamız Berlindən oyunun keçiriləcəyi Polşanın Koşalin şəhərinə avtobusla gedib.
Komandamız elə ötən gecə oyunun keçiriləcəyi Koşalin idman zalında ilk məşqə də çıxıb. Bu gün isə oyundan öncəki son məşq baş tutacaq.
Millimizin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün əsas qrup mərhələsindəki son oyuna hazırlıq və oyunçuların durumu ilə bağlı federasiyanın rəsmi saytına açıqlama verib. Braziliyalı mütəxəssis komandadakı durumu belə dəyərləndirib:
“Oyunun keçiriləcəyi Koşalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa, onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq. Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik”.
Polşaya 14 futzalçı ilə yollanan millimizin baş məşqçisi heyətdəki itkilərə də toxunub: “Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. Allahın köməyi ilə onlar Polşa ilə oyunda bizə kömək edəcəklər”.


