Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Ukrayna yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, braziliyalı mütəxəssis Bakıda 0:4 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra bunları söyləyib:
“Əslində, oyunun bu şəkildə keçəcəyini gözləyirdim. Çünki 5-6 gün məşq etmək bu cür oyuna hazırlaşmaq baxımından azdır. Çünki legioner həyatı yaşayan futzalçılarımız 6-7 aydır ki, öz klublarındakı baş məşqçilərinin taktiki sxemi əsasında oynayırdılar. Onları öz oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır. Bolinyanın qırmızı vərəqə alması da işimizi çətinləşdirdi. Ona qədər hadisələr istədiyim kimi cərəyan edirdi. Ondan sora səhvlərimiz çoxaldı. Ardıcıl səhvlərin nəticəsində isə qollar buraxdıq. Bu cür oyunlar da həmin səhvləri aşkarlamaq üçündür. Daha çox işləməli, vacib turnirə hazırlaşmalıyıq. Bu rəqiblə daha bir oyun keçirəcəyik. Nələrisə dəyişməyə çalışacağıq”.
Joze Alesio Da Silvanın Ukrayna yığmasındakı həmkarı Aleksandr Kosenko da bu oyundan sonra fikirlərini bölüşüb:
“Maraqlı, baxımlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Komandamdan razı qaldım. Topa biz daha çox nəzarət edirdik. Əlbəttə, səhvlərimiz də oldu. İndi onları analiz edəcəyik və Avropa çempionatına qədər düzəltməyə çalışacağıq. Oyunun əvvəli bir qədər gərgin keçdi. Halbuki bu, tərəflərdən heç birinə lazım deyildi. Çünki hər iki kollektivi cəmi bir aydan sonra daha vacib turnir gözləyir”.
Sabah – dekabrın 19-da Azərbaycan və Ukrayna yığmaları arasında daha bir görüş baş tutacaq.


