“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo “Latsio”nun baş məşqçisi, italyan mütəxəssis Mauriso Sarrinin cavabını verib.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, “Mour” “Roma”ya münasibətdə eyhamla danışmış Sarrini, özünəməxsus şəkildə elə, eyhamla da cavablayıb.
Xatırladaq ki, “canavarlar”ın Avropa Liqasında “Slaviya” ilə oyunu ərəfəsində Sarri “Roma” üçün bu oyunu “yoldaşlıq oyunu” kimi səciyyələndirib. Mourinyo Sarrinin bu sözlərinə belə qarşılıq verib:
“Elə bil, “Slaviya”nın keyfiyyətsiz olduğunu demiş kimi bir şeydir. Rəqiblərimə həmişə hörmət edirəm. Bu, güman ki, 26 titul qazanmış məşqçi ilə demək olar ki, heç nə qazanmamış bir məşqçi arasındakı fərq ola bilər. Mentalitet buradan qaynaqlanır. Hər oyuna ciddi yanaşmaq lazımdır, yoldaşlıq oyunları yoxdur”, deyə “Mour” “dost” komandanın çalışdırıcısına yerini göstərib.
Bundan əvvəl, Sarri A Seriyasında Roma derbisinin “Latsio” və “Roma”nın avrokubok turnirlərində çıxış etməli olduğu həftədə baş tutmasından narazılığını bildirmişdi.
Yeri gəlmişkən, Joze Mourinyonun rəqibi haqda gümanları özünü doğruldub. Avropa Liqasının 4-cü turu çərçivəsində “Roma”nı qəbul etmiş “Slaviya” 2:0 hesablı inamlı qələbə qazanaraq, “G” qrupunda liderliyi ələ keçirib. Eyni miqdarda xal toplamış “Roma” 2-ci pilləyə düşüb. Maraqlıdır ki, tərəflər arasında ilk oyunda “canavarlar” 2:0 hesablı qələbə qazanmışdılar.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə o, paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


