Premyer Liqanın 2023/2024 mövsümünün qış fasiləsindən yararlanaraq istirahətə yollanan “Kəpəz” bu gündən hazırlığa başlayıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda üzvləri üçün qış istirahəti başa çatıb. Məşqçilər korpusu və futbolçular bu gün Gəncədə bir araya gəliblər. “Sarı-göylər” çempionatın qalan hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.
İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub. 30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.
Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Adil Şükürovun çalışdırdığı komanda əvvəlcə elita klublarından “Qəbələ” ilə qarşılaşacaq. Bu rəqiblə oyun yanvarın 10-da baş tutacaq.
Gəncəlilərin digər rəqibi isə Birinci Liqada çıxış edən “İmişli” olacaq. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.
Yoxlama matçlarının dəqiq yeri və başlama saatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Kəpəz” mövsümün ilk iki dövrəsindən sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. Komanda indiyə qədər keçirdiyi 18 oyunda cəmi 3 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.


