Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qarabağ”la oyunu təxirə salınmış “Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv bu gün “Gəncəbasar”la üz-üzə gəlib.
Premyer Liqa təmsilçisinin məşq meydançasında baş tutmuş görüşdə qapılara bütövlükdə 6 qol vurulub. Yekunda daha təcrübəli elita təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində Asuma Abubakar dubla imza atıb. Digər qolları isə Kennet Kalunqa ilə Viktor Stina vurublar.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov oyundan sonra fikirlərini bölüşüb:
“Çempionat artıq başlayıb və bizim 2-ci tur çərçivəsində keçirilməli olan “Qarabağ”la oyunumuz təxirə salınıb. Biz də həmin matçın yerini doldurmaq istəyirdik. Yaxşı oyun alındı. Əsas məqsəd komandanın formadan düşməməsi və qarşılaşmanı zədəsiz başa vurmaq idi. Düzdür, bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də riskə getməyib onları meydana buraxmadıq. İstirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar”.


