Kərəm Aktürkoğlu 12 milyon avroya “Benfika”ya keçdi – Rəsmi

Türkiyə millisinin və “Qalatasaray”ın vingeri Kərəm Aktürkoğlu bundan sonra “Benfika”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Benfika” bu keçidi 12 milyon avroya rəsmiləşdirib. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Peşəkar karyerasına “Başakşəhər”də başlamış Kərəm Aktürkoğlu, “Bodrumspor”, “Karacabey”, “Ərzincanspor” kimi klublarda da oynayıb. 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edən vinger bu komandanın heyətində meydana çıxdığı 179 oyunda 46 qol vurub, 42 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ildən Türkiyə millisində forma geyinən futbolçu 34 oyunda 6 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Qalatasaray”ın sağ cinah müdafiəçisi Leo Dyubua da komandanı tərk edib. Azad agent kimi ayrılan 29 yaşlı fransalı futbolçu hazırda klubsuzdur. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Leo Dyubua “Qalatasaray”a 2022-ci ilin yayında Lion “Olimpik”indən 2,5 milyon avro müqabilində gəlmişdi. O, İstanbul klubunun heyətində 31 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Leo ötən mövsümü də Super Liqanın digər təmsilçisi “Başakşəhər”də icarədə keçirib. Fransa yığmasında 13 oyun keçirmiş müdafiəçi ölkəsində “Nant”ın da formasını geyinib.

“Qalatasaray”ın sol cinah müdafiəçisi Derrik Kön də “Verder”ə keçib. Almaniya klubu 25 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

“Qalatasaray” Könü bu ilin fevralında “Hannover”dən 3,35 milyon avroya transfer etmişdi. Əslən Qanadan olan almaniyalı futbolçu Türkiyə çempionunun heyətində 19 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. “Bayern” və “Hamburq” klublarının yetirməsi olan futbolçu “Villem II”, “Hannover” kimi klubların da şərəfini qoruyub, Almaniyanın U-19 yığmasında forma geyinib.

Derrik Könü heyətinə qatmış “Verder”də də bir ayrılıq yaşanıb. Sözügedən klub polşalı hücumçusu David Kovnatskini Düsseldorf “Fortuna”sına icarəyə verib. 27 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. “Verder”də 22 oyun keçirmiş futbolçu fərqlənə bilməyib. “Lex”, “Sampdoriya” kimi klublarda da oynamış David, daha öncə də “Fortuna”nın formasını geyinib. O, Polşa yığmasında 7 oyuna 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: