Ukraynanın “Dinamo” (Kiyev) klubunun yamaykalı vingeri Kahim Parris bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Parris Kiyev “Dinamo”sundan icarəyə götürülüb. İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, Azərbaycan klubu mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.
Kahim Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.
Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, “Sabah” daha öncə Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqarita, Vensan Till, Maruan Hadudi, Ayaz Quliyev və Jesse Sekidikanı da transfer etmişdi. Kristian da Silva ilə də yeni müqavilə imzalanıb. Abdulaye Ba, Zurab Oçiqava və Bəxtiyar Həsənalızadə komandanı tərk edib. Abdulla Rzayev (“Araz Naxçıvan”a), Veysəl Rzayev (“Turan Tovuz”a) və Şakir Seyidov (“Kəpəz”ə) isə icarəyə verilib.


