Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 9-cu turu çərçivəsində baş tutan “Nefteximik”lə matçın iştirakçısı olub.
“Arsenal” doğma meydanda baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1. 28-ci dəqiqədə hesabı açan Tula təmsilçisi 74-də qol buraxsa da, 77-ci dəqiqədə qələbə topunu vurmağı bacarıb.
Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və 61-ci dəqiqədə əvəzlənib.
“Arsenal” 9 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb.


