Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı hücumçu Premyer Liqada mübarizə aparan bu klubla müqaviləsinə xitam verib. O, cari mövsümün əvvəlində bir illik icarəyə verildiyi “OİK-Xabarovsk” klubuna keçib.
Əliyev Birinci Divizionda çıxış edən Xabarovsk təmsilçisi ilə müqavilə imzalayıb. Lakin sözügedən klub hələ bu barədə rəsmi açıqlama yaymayıb. Bu komandanın baş məşqçisi vaxtilə “Ximki”də Kamranı çalışdırmış Sergey Yurandır. Hansı ki, bu mütəxəssis vaxtilə Azərbaycanda da çalışıb.
“Ximki”nin öz yetirməsi olan Kamran Əliyev 2017-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. O, sözügedən komandada bütövlükdə 88 matça çıxıb, 15 qol vurub. Ötən mövsüm Premyer Liqada 11 oyun keçirən azərbaycanlı hücumçu cəmi 1 qol vura bilmişdi. Cari mövsümdə isə o, heç bir oyunda meydana buraxılmamışdı. Kamran 2018-ci ildə Azərbaycanın U-21 yığmasına cəlb olunub. O, həmin dövrdə milli komandamızda 2 oyuna çıxıb, hətta bir qol da vurub.
“SKA-Xabarovsk” Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) mübarizə aparır. Xabarovsk təmsilçisi bu mövsüm keçirdiyi 25 oyunda 41 xal toplayıb və 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Kamran bu komandanın heyətində 17 oyuna çıxıb və 2 qola imza atıb.


