Kamran Ağayev karyerasını başa vurdu

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, təcrübəli qolkiper ötən gün formasını geyindiyi “Səbail” klubunun rəhbərliyi, eləcə də baş məşqçisi Aftandil Hacıyevlə görüşüb.

35 yaşlı qolkiper qərarını onların diqqətinə çatdırıb və klub onun istəyinə etiraz etməyib. Bu isə o deməkdir ki, son dövrlər zədədən əziyyət çəkən və az forma şansı qazanan Ağayevi bir daha yaşıl meydanlarda görməyəcəyik.

Kamran Ağayev 2020-ci ildən “Səbail”də çıxış edirdi. 35 yaşlı qolkiper daha öncə ölkəmizdə “Keşlə”, “Qəbələ”, “Bakı”, “Xəzər Lənkəran”, “Turan Tovuz” və “Şəfa”nın da formasını geyinib. O, “Mlada Boleslav” (Çexiya), “Boavişta” (Portuqaliya), “Karşıyaka” və “Kayserispor” (Türkiyə) komandalarında legioner həyatı da yaşayıb. Qapıçı 2008-2018-ci illər aralığında dəvət aldığı Azərbaycan millisində 79 oyun keçirib.

Onu da xatırladaq ki, Kamran 2006/07 mövsümündə “Xəzər Lənkəran”la Azərbaycan çempionu olub. O, 2008-ci ildə Azərbaycanda ən yaxşı futbolçu seçilib.

Yeri gəlmişkən, bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da Kamran Ağayevlə görüşüb. Elxan Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AFFA-nın bununla bağlı yaydığı xəbərdə o da bildirilir ki, Məmmədovun təklifi ilə Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək. Daha sonra isə o, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.