“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsində “Milan”a gözlənilməz məğubiyyətə aydınlıq gətirib.
Arena.az xatırladır ki, “qaymaqlılar” ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Santyaqo Bernabeu”da “rossoneri”yə gözlənilmədən 1:3 hesabı ilə məğlub olublar.
“Bu axşam bizim çox imkanımız oldu. Bizdə dəqiqlik əskik idi, daha çox qol vura bilərdik. Amma fəsad bu deyil… Fərdi keyfiyyətlərdən danışmaq istəmirəm, amma kollektiv olaraq yaxşı halda deyilik. Zəif oynayırıq. Belə davam etsək, mövsümü başa vurmaq çətin olacaq. Biz hər şeyi təshih etməliyik, mən isə həll yollarını arayıb hər şeyi dəyişməliyəm.
Biz narahat olmalıyıq, çünki komanda son bir neçə oyunda yaxşı idman formasında deyildi. Bizim gücümüz çatışmır. Sadəcə, yaxşı müdafiə olunmuruq, komanda isə yığcam deyil. Meydanın bütün sahələrində daha yığcam, daha mütəşəkkil olmalıyıq.
Mənim işimlə bağlı şübhələr varmı? Xeyr, məncə, bu, adi haldır. Komanda yaxşı vəziyyətdə deyil və bunda hamımız təqsirkarıq. Hamımızın məsuliyyət daşımağımız çox vacibdir. Çünki qalib gələndə bunu birlikdə edirik. İndi əziyyət çəkmək və mübarizə aparmaq zamanıdır. Biz bu qəbildən olan vəziyyətlərdən daha artıq güc alırıq”, – Karlo Ançelotti matçdan sonra baş tutan mətbuat konfransında bildirib.
“Real”ın ukraynalı qapıçısı Andrey Lunin də “Milan”a məğlubiyyətdən danışıb: “Düşünürəm ki, son iki məğlubiyyət izahedilməzdir. Bunu yaxşıca təhlil edib, yaxşıca qarşılıq vermək gərəkdir. Biz geri dönməliyik”.
Xatırladaq ki, “qaymaqlılar” bu oyundan öncə “Santyaqo Bernabeu”da əsas rəqiblərindən olan “Barselona”ya da 0:4 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, geridə qalmış 4 turdan sonra Madrid “Real”ı 6 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinə 17-ci pillədə qərarlaşıb. “Milan” isə 6 xalla 18-ci sıradadır.