Karlos Alos Ferrer Belarus yığmasının baş məşqçisi təyin olundu

İspaniyadan olan 48 yaşlı mütəxəssis Karlos Alos Ferrer futbol üzrə Belarus milli komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2024-cü ilin sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Müqavilədə sözləşmənin müddətinin uzadılması variantı da nəzərdə tutulub.

Karlos bu vəzifədə iyunun 30-da istefaya göndərilmiş Georgi Kondratyevi əvəz edib.

Xatırladaq ki, Karlos Alos Ferrer son olaraq Ruanda milli komandasına rəhbərlik edib. O, Belarus komandasından aldığı təklifə görə sözügedən ölkənin futbol federasiyası ilə müqaviləni ləğv edib. İspan məşqçi 2022-ci ilin mart ayından rəhbərlik etdiyi Ruanda yığması ilə cəmi 7 matç keçirib və qələbəyə həsrət qalıb – 4 heç-heçə, 3 məğlubiyyət. Alos daha öncə “Enosis”, “Qətər”, “Rabat”, “Kayrat”, “Poqon” və “Tortosa” kimi komandaların, Qazaxıstanın U-19 yığmasının da baş məşqçisi olub. O, 2017/2018 mövsümündə “Kayrat”la Qazaxıstan kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: