Karlos Bakka “Qranada”nı seçdi

İspaniyanın “Vilyarreal” klubundan ayrılan Karlos Bakka özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, kolumbiyalı forvard bundan sonrakı karyerasını La Liqanın digər təmsilçisi “Qranada”da davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçunun azad agent kimi keçdiyi “Qranada” ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmır. İspaniya mətbuatı isə təcrübəli futbolçunun yeni klubu ilə 1 illik anlaşdığını yazır.

Karlos Bakka 2017-ci ildən “Vilyarreal”da çıxış edirdi. Kolumbiyalı futbolçu bu komandanın heyətində bütövlükdə 145 matça çıxıb, 43 qola imza atıb. Forvard əvvəllər “Milan”, “Sevilya”, “Brügge” kimi klubların da formasını geyinib. Kolumbiya yığmasında 52 matça çıxan futbolçu 16 qol vurub.