Braziliyanın “Hersilio Lus” komandasının dayaq yarımmüdafiəçisi Keverton Resende Markolino bundan sonra “Kəpəz”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Transferin detalları açıqlanmır.
Keverton Resende Markolino Braziliyanın “Audaks” klubunun yetirməsidir. “Ponte Preta”da da oynamış futbolçu “Hersilio Lus”a bu ilin yanvarında keçmişdi. O, sözügedən klubun heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Kəpəz” Kevertondan öncə Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra),Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya) kimi legionerləri də heyətinə qatmışdı. Yerli futbolçulardan isə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”) və Orxan Əliyev (“Araz-Naxçıvan”) Gəncə klubuna cəlb olunub. Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənovla da yeni müqavilə imzalanıb.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə komandanı tərk ediblər.


