“Qarabağ”ın müdafiəçisi Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayer”lə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, kolumbiyalı futbolçu bu gün Leverkuzendə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir. Amma biz də çox yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Onların gücünü bilirik. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram.
Digər müdafiəçilərimizin tez-tez zədələnməsi mənim üçün heç bir çətinlik yaratmır. Çünki, oyun fəlsəfəsi hamıya bəllidir. Hər gün bir yerdə məşq edirik. Bir-birimizi çox yaxşı tanıyırıq”.
Kevin Medina Azərbaycan Premyer Liqası və Avropa Liqası arasında ciddi fərqin olduğunu etiraf edib: “Təbii ki, bunlar tam fərqli turnirlərdir. Burada tələblər də başqadır. Fərq hiss olunur. Amma istənilən halda hər iki turnirdə maksimum məsuliyyət tələb olunur. Bundesliqanın ən aparıcı klublarından birinə qarşı oynayacağıq. Bu matçda daha məsuliyyətli olmalıyıq”.
Xatırladaq ki, sabah “Bay-Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


