Futbol üzrə Mozambik milli komandasının sol cinah vingeri Klesio Bauk bundan sonra yenidən Azərbaycanda forma geyinəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu sabiq klubu “Qəbələ”yə qayıdıb.
Bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, 2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib. “Qırmızı-qaralar” Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb. Təcrübəli vingerlə 2,5 illik müqavilə imzalanıb.
Mozambikli futbolçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub, 4 məhsuldar verib. O, Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.
Klesio Bauk Azərbaycanda “Zirə”nin də uğurları üçün çalışıb. O, 2020/2021 mövsümündə paytaxt klubunun heyətində 32 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Futbolçu karyerasına “Ferroviariu” klubunda başlamış Klesio “Benfika” (2012-2013), “Benfika B” (2013-2016), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-2018), “İstanbulspor” (2018-2019), “Maritimo” (2021-2023), “Maritimo B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Bauk “Honka”dan ötən ayın sonunda azad agent kimi ayrılıb.
Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidəki 46 oyunda 7 qola imza atıb.


