Kosovo Futbol Federasiyası CAS-a müraciət edəcək

Kosovo Futbol Federasiyası (FFK) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyi nəzərdə tutub.

Arena.az Kosovo Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, müraciətin məzmunu AÇ-2024-ün seçmə mərhələsində Kosovo yığmasının səfərdə Rumıniya yığması ilə oyununda azarkeşlərin siyasi bannerlər açıması və təxribat səpgili şüarlar səsləndirməsinə dairdir.

Hadisə nəticəsində hakim oyunu yarıda saxlamış, təxminən 50 dəqiqəlik fasilə yaranmış, sonra oyun davam etdirilmiş, meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.

Kosovo Futbol Federasiyasının rəsmi saytında dərc edilmiş açıqlamaya görə, artıq məhkəməyə müraciət etmək üçün bütün lazımi sənədlər toplanılıb.

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Rumıniya və Kosovo yığmalarının qarşılaşdığı oyun 18-ci dəqiqədə rumın azarkeşlərin siyasi məzmunda xoşagəlməz davranışı səbəbindən yarımçıq qalmışdı. Azarkeşlər tribunalarda siyasi şüarlar səsləndirərək, təxribat xarakterli bannerlər nümayiş etdirmiş, atəşfəşanlıq edərək, meydana fayerlər atmışdılar. Xüsusilə, “Kosovo – Serbiyadır”, “Bessarabiya – Rumıniyadır” sözləri yazılmış bannerlər siyasi təxribata yol açacaq təhlükə mənbəyi kimi göstərilir. Polisin işə qarışması ilə tribunalarda asayiş bərpa edilmişdi.

Bundan əvvəl, Rumıniya və Ukraynanın gənclər komandaları arasında keçirilmiş oyunda azarkeşlərin yolverilməz davranışına görə Rumıniya Futbol Federasiyası (FRF) artıq UEFA tərəfindən cəzalandırılmışdı. Rumıniya və Gürcüstanın ev sahibliyi etdiyi AÇ-2023-də azarkeşlər siyasi şüarlar səsləndirib, meydançaya məşəl və tüstü bombaları atmışdılar.

Ümumiyyətlə son vaxtlar siyasi niyyətli xuliqanlıq halları futbol meydanlarına ayaq açıb. Ermənistan yığmasının Xorvatiyanı qəbul etdiyi oyunda (0:1), bədnam qonşularımız tərəfindən tribunar üzərində Qarabağdakı qondarma qurumun bayrağı dronla uçurdulmuşdu. Bundan vəcdə gəlmiş yerli azarkeşlər siyasi məzmunlu şüarlar səsləndirmişdilər. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın da UEFA tərəfindən buna görə cəzalanması gözlənilir. Artıq AFFA bu oyunda baş verənlərlə bağlı qitə futbol qurumuna şikayət məktubu ünvanlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: