Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Avropa Konfrans Liqasının 3-cü raundunda rəqib olduqları “Qarabağ”la bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, “Dinamo” ötən gün Ukrayna Premyer Liqasının 2-ci turu çərçivəsində “Veres”lə qarşılaşıb və rəqib üzərində 2:1 hesablı səfər qələbəsinə sevinib.
İqor Kostyuk matçdan sonra komandasının çıxışını dəyərləndirib. Mütəxəssis komandasının hücumdakı oyunu, sıx təqvim və müdafiə xəttindəki rotasiya barədə danışıb, “Qarabağ”la görüşlərdən söz açıb:
“Veres”lə matçda hücumda zəif oynadığımızı deməzdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmirik. Görürsünüz ki, müxtəlif futbolçu kombinasiyalarından istifadə edirik. Təəssüf ki, öz qollarımızı vura bilmirik. Bu oyuna qədər yaxşı müdafiə olunan rəqiblərlə qarşılaşmışdıq. Bu, həm PAOK-a, həm də “Qarabağ”a aiddir. Ona görə də hər şey kənardan göründüyü kimi deyil.
Bundan sonra həftədə iki oyunluq qrafikə keçirik. Əsas məsələ bərpa və növbəti oyuna hazırlıqdır. Komandanı bərpa etməli, qarşıdakı matça hazırlamalı, rəqibi və əvvəlki oyunlardakı öz hərəkətlərimizi təhlil etməliyik. Gördünüz ki, bu gün böyük rotasiya etdik. Konfrans Liqasında “Qarabağ”a qarşı oynamayan futbolçulara daha çox oyun vaxtı verdik. Bu gün onlar daha yaxşı idilər. Amma bir daha vurğulayıram ki, tərəfimizdən çoxlu lazımsız top itkiləri oldu”.
Xatırladaq ki, “Qarabağ” Polşada baş tutmuş ilk görüşdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.


