Kristian Avram da Moldova yığmasına çağırıldı

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı qolkiper ölkəsinin milli komandasının iyunun 8-də Kipr, həmin ayın 11-də isə Ukrayna ilə keçirəcəyi yoldaşlıq matçları üçün yığmaya çağırılıb.

Moldova millisinin təlim-məşq toplanışı iyunun 2-də başlayacaq.

Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 9 oyuna çıxıb. O, 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 36 oyuna 48 qol buraxıb, 7 “quru” matç keçirib.

Xatırladaq ki, Avramla yanaşı, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç də Moldova yığmasına dəvət alıb. O da iyundakı görüşlərdə yığmanın düşərgəsində olacaq.

Denis Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. O, 2023-cü ilin yanvarından “Turan Tovuz”da çıxış edir. Tovuz klubunda 50 oyuna 2 qol və 10 məhsuldar ötürmə müəllifi olmuş futbolçu yığmada da 10 matç keçirib.