Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı qolkiper ölkəsinin milli komandasının UEFA Millətlər Liqasında Andorra və Malta ilə keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb.
Moldova yığması oktyabrın 10-da Kişinyovda Andorranı qəbul edəcək. Komanda 3 gün sonra səfərdə Maltanın qonağı olacaq.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 10 oyuna çıxıb. O, 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 42 oyuna 51 qol buraxıb, 10 “quru” matç keçirib.
Xatırladaq ki, Avramla yanaşı, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç də Moldova yığmasına dəvət alıb. O da qarşıdakı görüşlərdə yığmanın düşərgəsində olacaq.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 57 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.


