Kristian Avram Polşa və İtaliya ilə oyunlara dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.

Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Sergey Kleşenkonun açıqladığı 27 oyunçudan ibarət heyətdə Avram da yer alıb.

Moldova yığması iyunun 6-da Polşa milli komandası ilə yoxlama görüşü keçirəcək. İyunun 9-da isə Avramın komandasını DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi ilə oyun gözləyir. Sözügedən qarşılaşma iyunun 9-da İtaliyada baş tutacaq. Təcrübəli qolkiper baş məşqçinin şans verəcəyi təqdirdə bu görüşlərdə forma geyinə biləcək.

Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 11 oyuna çıxıb. O, bu oyunlarda 18 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 75 oyuna 77 qol buraxıb, 26 “quru” matç keçirib.

Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: