Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı qolkiper ölkəsinin milli komandasının oktyabrın 12-də İsveçlə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilər. Bundan 3 gün sonra o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə baş tutacaq matçda forma geyinə bilər. Təcrübəli qolkiper oktyabrın 8-də vətəninə yola düşəcək.
Xatırladaq ki, Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 8 oyuna çıxıb. O, bu ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisində 6 oyuna 5 qol buraxıb, 2 “quru” matç keçirib.
Yeri gəlmişkən, “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç də Moldova yığmasına dəvət alıb. O da oktyabrdakı görüşlərdə yığmanın düşərgəsində olacaq.
Denis Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. O, bu ilin yanvarından “Turan Tovuz”da çıxış edir. Tovuz klubunda 25 oyuna 1 qol və 6 məhsuldar ötürmə müəllifi olmuş futbolçu yığmada da 8 matç keçirib.


